“İşğalçı Ermənistanın hərbi birləşmələri bu gün cəbhə xəttinin bir sıra istiqamətlərindən Azərbaycanın mövqeyinə hücum edib, dinc insanlar və yaşayış məntəqələri ağır silahlardan atəşə tutulub. Bu hücumlar nəticəsində mülki vətəndaşlar da zərər görüb”. Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsi sədrinin sözlərinə görə, Azərbaycanın haqqıdır ki, öz torpaqlarını, vətəndaşlarını qorumaq üçün düşmənə cavab versin. O qeyd edib ki, cəbhədən verilən məlumata görə düşmənə sarsıdıcı zərbələr edilib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində Ermənistanın hərbi təxribatı və onun səbəbləri haqqında məlumat verib. Azərbaycan işğala məruz qalan ölkədir və işğal faktı bu gün də davam edir. Torpaqlarımızı azad etmək və ərazi bütövlüyünün bərpa olunması beynəlxalq hüquqa görə bizim haqqımızdır. Bizim mövqeyimiz ədalətlidir. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik və ümid edirəm ki, bu ədalətli mövqeyimiz beynəlxalq birlik tərəfindən müdafiə olunacaq. Bu gün Azərbaycan xalqı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, ordumuza inanır. Xalqımız, vətəndaşlarımız ordumuzun yanındadır, insanlar bu gün döyüşə getməyə hazır olduqlarını nümayiş etdirirlər. Belə bir zamanda hər kəs milli birlik naminə hər şeyə hazır olduğunu göstərir. Bizim işimiz haqq işidir, ona görə də qələbə Azərbaycanladır”.