Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib
05 oktyabr 2026, 14:25

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 5-də Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.

Qəbul zamanı Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, rotasiyası, “Hər məsciddə kitabxana” layihəsinin icrası, maarifləndirmə işinin genişləndirilməsi, məscid təmiri, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.