Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbuldan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri bölgə şöbəsinin məsul şəxsinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.