Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Əjdərbəy məscidini ziyarət edib.
Məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı Komitə sədri bildirib ki, dövlət tərəfindən dini sahəyə göstərilən qayğının bariz nümunəsi kimi xalqımızın milli-mənəvi dəyərlər sisteminin qorunması, tolerantlıq, multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu addımlar Azərbaycanda sağlam dini-mənəvi mühitin, həmrəyliyin möhkəmlənməsində, eyni zamanda çoxmədəniyyətli cəmiyyətin inkişafında önəmli rol oynayır.
Ramin Məmmədov, həmçinin ölkəmizdəki nümunəvi birgəyaşayış, vəhdət ənənəsini təhdid edən radikal dini cərəyanların yayılmasının qarşısının alınması, İslamın düzgün təbliğ edilməsinin vacibliyini vurğulayıb. Gənclərin zərərli xarici ideologiyaların təsirindən qorunmasında, milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşünə sahib nəslin yetişməsində din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.
Din xadimləri dövlətin dini sahəyə göstərdiyi xüsusi diqqətdən məmnun olduqlarını, ölkədə tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.