Dövlət Komitəsinin sədri Bərdədə tələbənin ailəsini ziyarət edib
16 aprel 2026, 14:32

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun həyata keçirdiyi “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində Bərdə şəhərində ali təhsil müəssisəsinin “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Cəlal Cəfərlinin ailəsini ziyarət edib.

Dövlət Komitəsinin sədri görüş zamanı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq  tələbələrin sosial problemlərinin həlli, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc alimlərin inkişaf perspektivlərinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. O, əlavə edib ki, milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli gənc nəslin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar gənclərin hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların cəmiyyət həyatında fəal iştirakını da stimullaşdırır.

Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin inkişafını dəstəkləmək məqsədilə müxtəlif maarifləndirici layihələr və sosial proqramlar həyata keçirir. Bu təşəbbüslər tələbələrin dünyagörüşünün genişlənməsinə, cəmiyyətdə sağlam dini düşüncənin, tolerantlıq və multikultural dəyərlərin təşviqinə xidmət edir.

Cəlal Cəfərlinin valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, dövlət tərəfindən təklif olunan təqaüd və dəstək proqramlarının gənclərin təhsilinə mühüm töhfə verdiyini vurğulayıblar.

Qeyd edək ki, Cəlal Cəfərli  2025/2026-cı tədris ili üzrə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təsis edilmiş “Seyid Yəhya Bakuvi” təqaüdünün qalibidir. Təqaüd Qurani-Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə təsis edilib.