Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Ramin Məmmədov Argentina Respublikasının Etiqad işləri üzrə katibi Fransisko Sançez ilə görüşüb.
Qonağa ölkə rəhbərliyinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti barədə ətraflı məlumat verən DQİDK sədri Ramin Məmmədov Azərbaycanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, cəmiyyətdə sülhün bərqərar olması üçün sözügedən istiqamətlərdə birgə əməkdaşlıq və dialoq çox önəmlidir. Azərbaycan bu qlobal məsələnin ümumbəşəri mənafelərə uyğun həllinə öz töhfəsini verir.
Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə diqqət çəkən R.Məmmədov işğaldan azad olunan torpaqlarımızda dağıdılan və yer üzündən silinən tarixi-dini abidələrdən və hazırda gedən bərpa-quruculuq işlərindən bəhs edib.
Argentina Respublikasının Etiqad işləri üzrə katibi Fransisko Sançez öz növbəsində çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycanda tolerantlığın, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərlərin qorunub saxlanılmasını, eləcə də təbliğini yüksək qiymətləndirib.
Tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə yekunlaşan görüşdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşi də iştirak edib.