Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov: Ermənilərin Qarabağda dağıtdığı məscidlərin daşları İran bazarlarında da satılıb
30 mart 2023, 17:50

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun APA-ya müsahibəsi

 

- Səyavuş müəllim, bu gün Azərbaycan üçün dini təhlükəsizlik əsas prioritet istiqamətlərdən biridir. Bununla bağlı sizin düşüncələrinizi öyrənmək istəyirik.

 

- Sizinlə tamamilə razıyam. Ölkəmiz elə bir coğrafi mövqedə yerləşir ki, burada geoiqtisadi və geosiyasi maraqlar nəinki toqquşur, mən deyərdim ki, bu maraqlar açıq müharibə vəziyyətindədir. Böyük dövlətlər regionda öz maraqlarını təmin etmək üçün bir çox vasitələrdən istifadə edirlər. Azərbaycanın Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbə ölkəmizə olan təzyiqləri kifayət qədər artırıb. Bilirsiniz, güc mərkəzləri təbii sərvətlərlə zəngin olan ölkəmizin qüdrətli olmasını, müstəqil siyasət yürütməsini istəmir. Onlar rahatlıqla idarə olunan və həmin mərkəzlərin maraqlarını təmin edən dövlətləri dəstəkləyirlər. Ermənistanın bir çox məsələlərdə dəstəklənməsi də bununla bağlıdır. Çünki Ermənistan faktiki olaraq müstəqil olmayan və başqalarının diqtəsi ilə hərəkət edən ölkədir. Təbii ki, belə bir şəraitdə bizim üçün dini-ideoloji təhlükəsizlik məsələsi bir nömrəli məsələyə çevrilib. Milli təhlükəsizliyimizin tərkib hissəsi olan dini-ideoloji təhlükəsizlik Azərbaycana yönəlmiş dini mövqedən təhdidlərə, xüsusilə İranın təxribat və pozuculuq xarakteri daşıyan fəaliyyətinə qarşı qalxan rolunu oynayır.

 

- Yeri gəlmişkən, özünü müsəlman adlandıran İran nə üçün Ermənistanı dəstəkləyir? Sizcə, onların məqsədi nədir?

 

- Bilirsiniz, səmimi etiraf etməliyik ki, Azərbaycan öz tarixi boyu bu gün olduğu qədər heç vaxt güclü olmayıb. Ölkəmiz istər siyasi, istər iqtisadi baxımdan kifayət qədər güclü dövlətə çevrilib. Vətən Müharibəsi nəticəsində biz torpaqlarımızı işğaldan azad etmişik və orada quruculuq işləri həyata keçiririk. İranı güclü və qüdrətli Azərbaycan qəti surətdə qane etmir. İran tarixən Azərbaycana qarşı məkrli mövqedə olub. Burada ikinci məsələ İranın dini istismar etməsi və siyasiləşdirməsi ilə bağlıdır. İran öz siyasətini həyata keçirmək üçün dini örtük olaraq istifadə edir. Onlar təxribat və pozuculuq fəaliyyətini dindən istifadə edərək reallaşdırırlar. Səmimi şəkildə İslam dəyərlərinə sadiq bir dövlət məscidləri yerlə-yeksan edən, Xocalıda günahsız insanlara divan tutan ermənilərə dəstək verərmi? Əsla verməz. 30 il ərzində ermənilər bizim məscidlərimizdə donuz, inək saxlayıblar. Minarələrimiz azansız qalıb. Qəbirstanlıqlarımız dağıdılıb. Bütün bunları edənləri dəstəkləmək İslam dəyərləri ilə daban-dabana ziddir. Onu da qeyd etməliyəm ki, dağıdılmış evlərin, eləcə də məscidlərin daşları Ermənistanla yanaşı, onun “əziz” qonşusu İranın bazarlarında da satılıb. Bütün bunlar əlbəttə ki, təəssüf doğurur. İslam mənəvi kamillik və ali dəyərlər mənbəyi olduğu halda bu dini siyasiləşdirən İran ən böyük zərbəni elə İslamın özünə vurur. İkinci Qarabağ müharibəsində şəhid olan övladlarımızın böyük əksəriyyəti həm də müsəlman idi. Bu qədər müsəlmanı şəhid edənləri dəstəkləyən ölkənin dindən və mənəviyyatdan danışmağa haqqı yoxdur.

 

- Səyavuş müəllim, hüquq-mühafizə orqanlarının əməliyyatları nəticəsində son dövrlərdə İranın casus şəbəkəsinin üzvləri saxlanılıb. Ölkəmizdə dövlət-din münasibətləri baxımından bu hadisəni necə qiymətləndirirsiniz?

 

- İran Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinə hər vəchlə zərbə vurmağa çalışır. Ölkəmizin dünyəvi dövlət modeli, bu model çərçivəsində bütün dinlərin, o cümlədən İslam məzhəblərinin birgəyaşayış ənənəsi İranın maraqlarına cavab vermir. İran Azərbaycanda dinin siyasiləşdirilməsinin və siyasi proseslərə alət edilməsinin tərəfdarıdır. Bu məqsədlə onlar Azərbaycanda müəyyən şəxslərdən istifadə edərək casus şəbəkəsi yaratmaq və hər hansı təxribatlar törətmək istəsələr də, hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu şəbəkələr vaxtında ifşa edilərək zərərsizləşdirilib. Ancaq biz bu prosesləri düzgün qiymətləndirməliyik. Hər bir vətəndaşımız dini-mənəvi dəyərlərimizin saflığının qorunmasına töhfə verməli, dinin siyasiləşdirilməsinə, radikalizm və ekstremizmə qarşı açıq mövqe nümayiş etdirməlidir. Biz dünyada çoxlarının arzuladığı hüquqi, demokratik, dünyəvi dövlət qurmuşuq. Təcrübə göstərir ki, dünyəvi dövlət modelində dini-mənəvi dəyərlərin sağlam mühitdə inkişafı üçün daha münbit və əlverişli şərait mövcuddur. Biz bunun bariz nümunəsini ölkəmizdə görürük. Bu gün din xadimləri və bütün dini icmalar dövlətin qayğısı ilə əhatə olunub. Belə olan halda biz ölkəmizdə dini təhlükəsizlik mühitini gücləndirlməli və yad ünsürlərin Azərbaycana nüfuzetmə cəhdlərinin qarşısını birlikdə almalıyıq.

 

- Siz bir neçə gün öncə millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdi haqqında nə düşünürsünüz? Sizcə, burada hansı məqamlar var?

 

- İlk öncə onu qeyd edim ki, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş bu cinayət birmənalı olaraq terror aktıdır. Belə bir terror aktı hər bir dövlət xadiminə, məmuruna, o cümlədən mənə də qarşı törədilə bilər. Fazil Mustafa kifayət qədər intellektual savada, dini biliklərə malik, dövlətin milli maraqlarını müdafiə edən, cəmiyyətin maariflənməsinə dəstək verən, xurafat və cəhalətlə qətiyyətli mübarizə aparan bir millət vəkilidir. Mən törədilmiş terror aktını qətiyyətlə pisləyirəm. O ki qaldı burada olan məqamlara, mən istintaq və əməliyyat-axtarış fəaliyyətinin aparıldığı dövrdə hər hansı konkret fikir səsləndirməyin tərəfdarı deyiləm. Ancaq Fazil bəy özü də bu terroru törədənlərin kimliyi ilə bağlı ehtimalını səsləndirib. Mən də həmin ehtimalı bölüşürəm. Fəqət məsələyə hüquq-mühafizə orqanları yekun hüquqi qiymət verdikdən sonra daha dolğun münasibət hər kəsdə formalaşacaq. Onu qeyd etmək istəyirəm ki, kimliyindən asılı olmayaraq bu terroru törədənlərin məqsədi ölkədə ictimai-siyasi sabitliyi, əmin amanlığı pozmaq, vətəndaşlarımızda xof yaratmaqdır. Lakin heç bir terror və təxribat xalqımızı haqlı yolundan, dövlətimizi ədalətli mübarizəsindən döndərə bilməyəcək. Ölkə başçısının rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir. Terrorçular heç vaxt istədiklərinə nail ola bilməyəcəklər.