Dövlət Komitəsinin könüllüləri Xarici əlaqələr şöbəsinin iş prinsipi ilə tanış olublar
14 sentyabr 2020, 05:24

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev Komitənin “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə onlayn formatda görüşü keçirilib.

Dövlət Komitəsinin beynəlxalq əlaqələrindən, bu səviyyədə həyata keçirdiyi layihələrdən bəhs edən Əli Həziyev rəhbərlik etdiyi şöbənin öhdəlikləri barədə ətraflı məlumat verib. O bildirib ki, şöbə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət-din münasibətləri ilə məşğul olan hökumətlərarası və qeyri-dövlət beynəlxalq təşkilatların işində iştirakını təmin edir, dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələrin və sazişlərin layihələrinin hazırlanmasında iştirak edir.

Şöbə həmçinin, ikitərəfli və çoxtərəfli əlaqələr yolu ilə Azərbaycanın nümunəvi dövlət-din modelinin, ölkəmizlə bağlı həqiqətlərin, eləcə də erməni təcavüzünün dünya ictimaiyyətinə çatdırılması istiqamətində konfransların, sərgilərin və dəyirmi masaların keçirilməsini təmin edir, müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əlaqələrin yaradılmasını təşkil edir.

Görüşün sonunda Dövlət Komitəsinin rəsmisi könüllüləri maraqlandıran sualları cavablandırıb.