Dövlət Komitəsində Zəfər Günü ilə bağlı tədbir keçirilib
05 noyabr 2021, 06:44

Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində  8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atdı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olundu.

S.Salahlı vurğulayıb ki, böyük Qələbəmizin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərb müəssisələrində tədqiqatlar aparılır. Əldə olunan bu qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən Komitə sədrinin birinci müavini tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb. O bildirib ki, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşımızın həqiqətən də bir yumruq kimi eyni amal uğrunda birləşməsi bizi qalib ölkəyə çevirdi.

S.Salahlı eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə diqqət çəkərək bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu böyük qayıdış proqramı nəticəsində 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunacaq, öz doğma ata-baba yurdlarına qovuşacaqlar və Qarabağın əvvəlki şöhrəti özünə qayıdacaq.