Dövlət Komitəsində “Vineyard Azərbaycan” xristian dini icmasının sədri ilə görüş olub
09 avqust 2024, 18:31

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Vineyard Azərbaycan” xristian dini icmasının sədri Emil Pənahov ilə görüşüb.

Görüşdə Azərbaycanda multikulturalizmin, dinlərarası harmoniyanın təşviqinin dövlət siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin siyasəti Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin uğurla inkişaf etdirilməsinə imkan yaradıb. Qeyd olunub ki, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlətin xüsusi diqqət göstərdiyi mühüm sahələrdən biridir.

“Vineyard Azərbaycan” xristian dini icmasının sədri Azərbaycan dövlətinin dini icmalara göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini vurğulayıb. Dini icmalarla keçirilən görüşlərin, aparılan müzakirələrin ölkədə multikultural mühitin inkişafına töhfə verdiyini qeyd edib.