Dövlət Komitəsində Qazaxıstan Parlamenti Senatının üzvü ilə görüş keçirilib
23 dekabr 2025, 15:35

Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda iştirak məqsədilə ölkəmizə səfər edən Qazaxıstan Parlamenti Senatının üzvü Yernur Aitkenov ilə görüşüb.

Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı, iki ölkə arasında siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət Komitəsini sədri Ramin Məmmədov Azərbaycanda milli-mənəvi və multikultural dəyərlərimizin qorunması sahəsində görülən işlər barədə danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif dinlərə aid tarixi-memarlıq abidələrinin, ibadət və inanc yerlərinin təmiri və bərpası, dini qurumlara maddi yardımların ayrılması haqqında məlumat verib.

Səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Yernur Aitkenov Azərbaycan Din Xadimlərinin II Forumunun dini həmrəyliyin və dialoqun inkişaf etdirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirib.  Qazaxıstanın bu istiqamətdə əməkdaşlıq və təcrübə mübadiləsinə maraqlı olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.