Dövlət Komitəsində “Kargüzarlıq və sənəd dövriyyəsində normativ tələblərin tətbiqi” mövzusunda onlayn təlim keçirilib
13 fevral 2026, 09:36

Fevralın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aparatının və regional bölmələrinin əməkdaşlarının iştirakı ilə “Kargüzarlıq və sənəd dövriyyəsində normativ tələblərin tətbiqi” mövzusunda onlayn təlim keçirilib.

Dövlət Komitəsi sədrinin 22 yanvar 2026-cı il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyində olan qurumların 2026-cı il üçün Fəaliyyət Planı”na uyğun olaraq təşkil olunan təlimdə DQİDK-nın Aparat rəhbəri Elşad Miraləm, Sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri Vüqar Səlimov, eləcə də Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev mövzu ilə bağlı çıxış ediblər.  Bildirilib ki, kargüzarlıq və sənəd dövriyyəsinin düzgün təşkili, vətəndaş müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun, operativ və keyfiyyətli baxılması xidmət fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Eyni zamanda, sənədlərlə və müraciətlərlə işin təşkili prinsipləri, bu sahədə vahid yanaşmanın tətbiqi, müraciətlər üzrə müddətlərin düzgün hesablanması və icra prosesinə nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, sənədlərin vaxtında və keyfiyyətlə icrası, həmçinin icra intizamının gücləndirilməsi sənəd dövriyyəsi prosesinin effektivliyini artırır. Bu sahədə işin normativ-hüquqi əsasları, kargüzarlıq sahəsində tətbiq olunan tələblər, eləcə də icra prosesində məsuliyyət və intizam məsələləri diqqətə çatdırılıb.