Dövlət Komitəsində görüş keçirilib
17 aprel 2023, 09:10

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Həyat sözü” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin sədri Kristian Akerhielm ilə görüşüb.

Qonağı salamlayan DQİDK-nın sədr müavini  ölkəmizdəki dinlərarası harmoniya, birgəyaşayış mühitinin önəmi barədə məlumat verərək dövlətin dini sahədə apardığı uğurlu siyasət nəticəsində tolerant dəyərlərin ictimai həyatda öz təsdiqini tapdığını, dini müxtəlifliyin təmin olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edən sədr müavini bildirib ki, dünya birliyi  vahid iradə nümayiş etdirərək, sülhün və əmin-amanlığın qorunmasına strateji vəzifə kimi yanaşmalı, islamofobiya, irqçilik,  ksenofobiya və dini ayrı-seçkilik hallarına qarşı qətiyyətli  addımlar atmalıdır.  Sədr müavini, həmçinin “Həyat sözü” dini icmalarının fəaliyyətindən söz açaraq onların cəmiyyətin həyatında yaxından iştirak etdiyini söyləyib.   

İlk dəfə ölkəmizə 1994-cü ildə səfər etdiyini bildirən Kristian Akerhielm Bakının dinamik inkişafına heyranlığını ifadə edib. Azərbaycanın qlobal miqyasda dinlərarası dialoqun  genişlənməsində yaxından iştirak etdiyini xüsusilə vurğulayan qonaq qeyd edib ki, ölkəmizdəki tolerantlıq mühiti ölkənin dini mənzərəsini əks etdirir. Qonaq dünən respublikamızda qeyd olunan Pasxa bayramında iştirak etdiyini xatırladaraq qeyri-müsəlman dini icmalarına qayğı və himayəni yüksək dəyərləndirib.

Qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa DQİDK-nın xarici dillərdə nəşr etdirdiyi, Azərbaycanın tolerantlıq mühitindən bəhs edən  kitablar təqdim edilib.