Dövlət Komitəsində Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib
28 noyabr 2024, 02:35

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə iştirak edən Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqları ölkə olduğunu bildirib. Qeyd edib ki, demokratik, dünyəvi və hüquqi dövlət olan Azərbaycanda din dövlətdən ayrı olsa da, bu sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib.

Ölkəmizdəki dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan məmnunluqlarını bildirən qonaqlar “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının fəaliyyəti üçün yaradılan şəraitə görə təşəkkür ediblər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Birləşmiş Bibliya Cəmiyyətinin Danimarka, Norveç, Almaniya, Amerika, Şimali İrlandiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan üzrə rəhbər və təmsilçiləri yer alıb.