Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” aksiyasını Mingəçevir şəhəri, Ağdaş, Bərdə və Yevlax rayonlarındakı dini ibadət yerlərində davam etdirib.
Mingəçevir şəhər “Heydər”, Ağdaş şəhəri “Hacı İsmayıl”, Yevlax rayonu Xaldan kənd “Cümə”, Bərdə rayonu “İmamzadə” məscidlərini və digər ibadətgahları əhatə edən aksiyada DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, din xadimləri və 30-dan çox dini icmanın üzvləri iştirak ediblər.
İslam və qeyri-islam dini icma üzvlərini bir araya gətirərək ibadət evlərinin ətrafını, yaxınlıqdakı ictimai yerləri yaşıllaşdırmaq məqsədilə keçirilən aksiyalarda ağac və gül tingləri əkilib, abadlıq işləri aparılıb.
Qeyd edək ki, aksiya cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, dini icmalar arasında ümummilli məsələlərdə həmrəylik və əməkdaşlığı daha da artırmağa xidmət edir.