”Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə olan təhlükə kimi” mövzusunda tədbir keçirilib
13 aprel 2022, 08:01

Dövlət Sərhəd Xidmətinin (DSX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq, aprelin 12-də DSX-nin Akademiyasında ”Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə olan təhlükə kimi” mövzusunda tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib və abidəsi önünə gül dəstələri düzüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrinin dövlət siyasətində uğurla inkişaf etdirildiyini, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolunu vurğulayıb.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizin multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi qeyd edilib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.

Seminarda ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Mənəvi intibah” sənədli filmi şəxsi heyət tərəfindən izlənilib.