“Dini radikalizm və ekstremizmə qarşı mübarizə, vətənpərvərlik tərbiyəsinin təbliği” mövzusunda onlayn tədbir keçirilib
15 sentyabr 2021, 09:51

Sentyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə, vətənpərvərlik tərbiyəsinin təbliği” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları, din xadimləri və rayon gəncləri iştirak ediblər.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov dövlətin və cəmiyyətin dini radikalizm təhlükəsindən qorunması, gənclərin radikal cərəyanların təsirinə düşməməsi üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb.

DQİDK-nın əməkdaşı Amal Məlikov bildirib ki, müasir dövrdə dini radikalizm dini mövqe olmaqla yanaşı, həm də  siyasi dünyagörüşü  və ideologiya olaraq xarakterizə olunur. Dini cəhətdən böyük fəsadlara yol açan bu yanaşma ictimai münasibətlər sistemində də ciddi təhlükə törədə bilər.

Daha sonra çıxış edənlər gənclərin dini radikal qrupların təsirinə düşməmələri üçün təhsilin və sağlam həyat tərzinin önəmini vurğulayıblar.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.