Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda din xadimləri və dini icmaların üzvləri arasında yazı müsabiqəsi elan edir.
Müsabiqəyə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, hərtərəfli tərəqqinin əldə olunmasında, dövlət-din münasibətlərinin qurulması və bu istiqamətdə hüquqi bazanın yaradılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən məqalələr göndərilə bilər. Həmçinin əsası Ulu Öndər tərəfindən qoyulan strategiyanın Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi nəticəsində qazanılmış çoxşaxəli uğurlara, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbənin əsasında duran azərbaycançılıq ideologiyasına, milli-dini həmrəyliyə həsr edilmiş məqalələr qəbul olunur.
1.Müsabiqənin şərtləri
- müsabiqəyə hər müəllif yalnız bir yazı təqdim edə bilər;
- yazı mövzuya uyğun olmalıdır;
- yazıya uyğun olaraq yaradıcı başlıq müəyyənləşdirilməlidir;
- yazı dolğun, əhatəli olmalı və faktlara əsaslanmalıdır;
- yazının həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- müsabiqə üçün verilmiş yazı qəzetdə çap edilərsə, qəzetin həmin sayının 1 nüsxəsi Dövlət Komitəsinə təqdim olunmalıdır;
- yazı elektron media resursunda yayımlanarsa, link yazıya əlavə edilərək, redaksiya@scwra.gov.az e-mail ünvanına göndərilməlidir;
- yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı yazıya əlavə edilməlidir.
2. Mükafat
I (1 nəfər) yer – 500 AZN
II (1 nəfər) yer – 400 AZN
III yer (1 nəfər) – 300 AZN
Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat.
3. Müsabiqənin müddəti: Məqalələr 2024-cü il 15 aprelədək təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 16
Əlaqə telefonları: (012) 505 78 16 / (012) 505 78 19
E-mail: redaksiya@scwra.gov.az