Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2019-cu ilin yekunlarına həsr olunan “Hesabat” çap edib
26 oktyabr 2020, 14:07

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2019-cu ilin yekunlarına həsr edilən “Hesabat”ını çap edib. Nəşr Komitənin ötən il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir.

Nəşrin “Dinə dövlət qayğısı”, “Dini konfessiyalarla birgə fəaliyyət”, “Dini maarifləndirmə işi”, “Dini radikalizmə qarşı mübarizə sahəsində görülən işlər” və s. bölmələrində ötən il Dövlət Komitəsinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində gördüyü işlər barədə məlumatlar və fotoşəkillər əksini tapıb.

“Hesabat”da Azərbaycan Respublikası Prezidentinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin tamam olması münasibətilə tədbirlərin təşkil edilməsi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələrək keçirilən beynəlxalq konfranslar, tədbirlərə geniş yer verilib.

Həmçinin jurnalda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun 2019-cu il ərzindəki fəaliyyəti işıqlandırılıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin Dövlət Komitəsinin fəaliyyətinin ictimaiyyətə geniş şəkildə çatdırılması baxımından əhəmiyyətli olacağına ümidvarıq.