İyulun 16-da Qusarda "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfrans panel müzakirələrlə davam etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən "Rəqəmsal media və dini diskurs: İnformasiya manipulyasiyası və dezinformasiya" mövzusunda sessiyada rəqəmsal informasiya mühitində dini məzmunun təqdimatı, dezinformasiyanın yaratdığı çağırışlar, etibarlı informasiya mənbələrinin əhəmiyyəti, media savadlılığının gücləndirilməsi və dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova qeyd edib ki, rəqəmsal media və dini diskurs müasir dövrün ən mühüm çağırışlarından biridir. Diqqətə çatdırıb ki, dezinformasiya artıq təsadüfi deyil, planlı şəkildə həyata keçirilən informasiya manipulyasiyası vasitəsinə çevrilib. Bu səbəbdən xüsusilə dini mövzuların mediada işıqlandırılması yüksək peşəkarlıq və məsuliyyət tələb edir. O qeyd edib ki, jurnalistikanın əsasında fakt dayanmalı, operativlikdən daha çox etibarlılığa üstünlük verilməlidir. Sensasiya xarakterli başlıqlar və təsdiqlənməmiş məlumatlar cəmiyyətdə yanlış təsəvvür yarada bilər, media isə əksinə, ictimai etimadın güclənməsinə xidmət etməlidir. Natiq həmçinin dini maarifləndirmə sahəsində xüsusi paya malik olan “Amin” və “İman” proqramlarının daha geniş formada yayımlanmasının zərurliyini qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov bildirib ki, rəqəmsal media informasiya mühitini genişləndirməklə yanaşı, dini məzmunun təqdimatında yeni çağırışlar da yaradır. Onun sözlərinə görə, sosial şəbəkələrdə saxta məlumatların, manipulyativ məzmunun və süni intellekt vasitəsilə hazırlanan dezinformasiyanın yayılması cəmiyyətin dini dünyagörüşünə və mənəvi dəyərlərinə təsir göstərir. Bu baxımdan, bu mövzuların etibarlı mənbələr əsasında işıqlandırılması, media savadlılığının artırılması və tənqidi düşüncə bacarıqlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərin qorunması, radikalizm və ekstremizmə qarşı mübarizədə maarifləndirmə, sağlam dini bilik və düzgün informasiya əsas amillərdəndir.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva vurğulayıb ki, informasiya texnologiyalarının inkişafı ilə dini diskursda rəqəmsal medianın rolu əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, internet artıq təkcə dini məlumatların yayılması üçün deyil, insanların inanclarını rəqəmsal mühitdə yaşadığı platformaya çevrilib. Şəfəq Mehrəliyeva qeyd edib ki, Azərbaycanda bu proses həm müvafiq dövlət qurumları tərəfindən tənzimlənməli, həm də dini mövzuda məzmun hazırlayan bloqerlər məsuliyyətli fəaliyyət göstərməlidirlər. O əlavə edib ki, media nümayəndələri bu sahədə savadlılıqlarını artırmalı, dini mövzularda etibarlı mənbələrə istinad etməlidirlər.
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun moderatorluğu ilə keçirilən ikinci paneldə jurnalistlərin sahə üzrə bilik və ixtisaslaşmasının vacibliyi, dini savadlılığın artırılmasında maarifləndirici media məzmununun rolu, media etikasına riayət olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Teleradio Akademiyasının direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Almaz Mahmud bildirib ki, jurnalistlər dini mövzulara həssaslıqla yanaşmalı, etibarlı mənbələrə əsaslanmalı, dini terminologiyadan düzgün istifadə etməli və vizual materialların seçimində etik prinsipləri gözləməlidirlər. Beynəlxalq təcrübədə dini jurnalistika xüsusi ixtisaslaşma sahəsi kimi inkişaf etdirilir və bu istiqamətdə peşəkar hazırlıq keyfiyyətli media məzmununun formalaşmasına xidmət edir. O, eyni zamanda Azərbaycanda da bu sahədə ixtisaslaşmanın genişləndirilməsi, media nümayəndələri üçün davamlı təlimlərin təşkili barədə təkliflərini səsləndirib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Amin” verilişinin aparıcısı Müşfiq Ötgün çıxışında müasir dövrdə mənəvi dəyərlərə ehtiyacın dəyişməz qaldığını bildirib. O qeyd edib ki, texnoloji inkişaf və rəqəmsal transformasiya cəmiyyətin mənəvi dəyərlərə marağını azaltmayıb, əksinə, sosial media bu dəyərlərin geniş auditoriyaya çatdırılması üçün mühüm platformaya çevrilib. Mənəvi dəyərlərin təbliğində sadə, anlaşılan və həyat nümunələrinə əsaslanan üslub daha təsirlidir. Sosial mediada hazırlanan məzmun yalnız məlumatlandırmağa deyil, həm də insanların mənəvi dünyasına təsir göstərməyə, əxlaqi dəyərlərin mahiyyətini izah etməyə xidmət etməlidir. Bu istiqamətdə elmi biliklə yanaşı, həyat təcrübəsinə və fəlsəfi düşüncəyə söykənən yanaşma daha səmərəli nəticələr verir.
Diksiya Akademiyasının direktoru, natiqlik üzrə təlimçi Cəlalə Nəzəroğlu qeyd edib ki, dini mövzuların yayılmasında sosial medianın rolu getdikcə artır. Bu xüsusda din xadimlərinin natiqlik və effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cəlalə Nəzəroğlu din xadimləri üçün natiqlik, media ilə kommunikasiya və ictimai çıxış bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş təlimlərin təşkilinin faydalı olacağını da vurğulayıb.
Əməkdar mədəniyyət işçisi Rahib Azəri və digər tədbir iştirakçıları rəy və təkliflər səsləndirilib.
Tədbirə yekun vuran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov konfransın səmərəli müzakirələrlə yadda qaldığını bildirərək iştirakçılara təşəkkürünü ifadə edib. O qeyd edib ki, son illər cəmiyyətdə dini mövzulara marağın artması bu sahədə dövlət qurumlarının, media nümayəndələrinin, din xadimlərinin və vətəndaş cəmiyyətinin üzərinə daha böyük məsuliyyət qoyur.
Ramin Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə dini və mədəni irsin bərpası, eləcə də beynəlxalq tərəfdaşlarla, o cümlədən Vatikanla həyata keçirilən əməkdaşlıq layihələri Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılmasına mühüm töhfə verir.
Komitə sədri bildirib ki, sosial media dövründə geniş vüsət alan dezinformasiya və informasiya manipulyasiyaları fonunda cəmiyyətin dəqiq, obyektiv məlumatla təmin olunması xüsusi əhəmiyyət kəsb edir. O, müasir texnologiyaların və süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrilərək media qarşısında yeni imkanlar açmaqla yanaşı, həm də ciddi məsuliyyət yaratdığını vurğulayıb. R.Məmmədov "süni intellekt" ifadəsində başlıca vurğunun məhz "intellekt" amilinə yönəldiyini diqqətə çatdıraraq intellektual yanaşmanın, peşəkarlığın, etik prinsiplərə sadiqliyin və məsuliyyət hissinin hər zaman əsas meyar olduğunu deyib.
Sonda Ramin Məmmədov tədbirdə səsləndirilən fikir və təkliflərin dini mövzuların mediada daha peşəkar şəkildə işıqlandırılmasına, media ilə dövlət qurumları arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Konfrans çərçivəsində dini mövzuların obyektiv və məsuliyyətli şəkildə ictimaiyyətə çatdırılması sahəsində səmərəli əməkdaşlığa görə bir sıra media qurumlarının nümayəndələri təşəkkürnamələrlə təltif edilib.
Qeyd edək ki, konfrans çərçivəsində iyulun 17-də Qubada yerləşən dini ibadətgahlara mediatur təşkil olunacaq.