Noyabrın 6-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb.
Tədbirin bağlanış mərasimində təşkilatçı qurumların rəhbər şəxsləri – Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Yer Kürəsi Naminə İnanc Koalisiyasının təsisçisi və direktoru Iyad Abu Moghli, Müsəlman Ağsaqqalları Şurasının sədri Məhəmməd Əbdülsalam çıxış edərək Qlobal Sammitin qarşıya qoyulan məqsədlərə nail olacağına inamlarını bildiriblər.
Sammit iştirakçıları tərəfindən Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, quraqlıq, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığının yaratdığı problemlərin səbəblərini müzakirə etmək üçün birgə səylərin sürətləndirilməsinin, sağlam ekosistemlərin yaradılması və təkmilləşdirilməsinin vacibliyi qeyd edilib.
Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar. Məktubda Azərbaycan Prezidentinin Dini liderlərin qlobal Bakı Sammitinə himayədarlıq etməsi və xüsusi diqqəti tədbirə verilən ən böyük dəyər kimi qiymətləndirilib. COP29 çərçivəsində Dini liderlərin qlobal Sammitinə himayədarlığına, göstərdiyi özəl diqqətə və tədbirin ünvanına dərin məzmunlu müraciətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirilib və COP29-un işində uğurlar arzulanıb. Azərbaycanın insan qardaşlığı yönündə, irqi və dini dözümsüzlük, ksenofobiya hallarına qarşı qətiyyətli mövqeyini dəstəklədiklərini bildirən dini liderlər Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanın dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin, nüfuzlu Zirvə görüşlərinin ənənəvi ünvanı olduğunu qeyd ediblər.
Sammit iştirakçılarının dövlətlərə, beynəlxalq, regional, dini, ictimai təşkilatlara və dini liderlərə, eləcə də Dünya dini liderlərinin COP29 iştirakçılarına müraciətləri qəbul edilib.
Qeyd edək ki, Dini Liderlərin Bakı Qlobal Sammitinin iştirakçılarının noyabrın 7-də işğaldan azad olunmuş torpaqlarımıza səfər etmələri nəzərdə tutulub.