Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağstafada “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib. Təlimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov qeyd edib ki, terrorçuluğun maliyyələşdirilməsi vəsaitin mənbəyi, toplanması, transferi və istifadəsi ilə bağlı risklər yaradır və bu sahədə profilaktik yanaşma dini icmaları həm qanunsuz risklərdən, həm də sui-istifadədən qorumağa xidmət edir. Qanunvericiliyə riayət, şəffaflığın təşviqi, səlahiyyətli orqanlarla əməkdaşlıq və icma maarifləndirilməsi sağlam fəaliyyət mühitinin əsasını təşkil edir. Dini maarifləndirmə gənclərin zərərli ideoloji təsirlərdən qorunmasında düzgün ən təsirli vasitədir.
Şəffaf dini mühitin daha təhlükəsiz cəmiyyətlər formalaşdırdığını bildirən S.Yoldaşov vurğulayıb ki, dəyərlərin qorunmasının ən etibarlı yolu onları sui-istifadədən uzaq saxlamaqdır.
Din xadimləri və icma sədrlərinin iştirakı ilə keçirilən təlim müzakirələrlə yekunlaşıb.