Din xadimləri Xocalı soyqırımı qurbanlarını yad ediblər
28 fevral 2022, 02:53

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bölgələrdə yad edilib. Fevralın 26-da Gəncə şəhərində keçirilən anım mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, dini konfessiyaların nümayəndələri və din xadimləri iştirak ediblər. Göyçay rayon Qarabaqqal kənd Cümə məscidində keçirilən anım mərasimində isə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Nicat İsmayılov, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Nicat Mahmudov, məscidin dini icma üzvləri və kənd sakinləri iştirak ediblər. DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, RİH-in məsul əməkdaşları və din xadimlərinin iştirakı ilə Masallı rayonunda da Xocalı faciəsinin 30-cu ildönümü münasibəti ilə tədbir keçirilib.

Anım mərasimlərində Xocalı faciəsi qurbanlarının ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı heç zaman bu qanlı faciəni və soyqırımı qurbanlarını unutmayacaq. O da bildirilib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldı və bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmaqdadır.