Din xadimləri “Dini həmrəylik və birgəyaşayış” layihəsi çərçivəsində Gəncəyə səfər ediblər
26 oktyabr 2026, 09:52

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dini həmrəylik və birgəyaşayış” layihəsi çərçivəsində Quba, Qusar, Xaçmaz rayonlarından olan din xadimləri Gəncə şəhərinə səfər ediblər.

Səfər çərçivəsində müxtəlif bölgələrdən olan din xadimləri arasında əlaqələrin möhkəmləndirilməsi, dini maarifləndirmə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və məzhəblərarası həmrəyliyin təşviqi məqsədilə ekspert mühazirələri təşkil olunub. Mühazirələrdə həmçinin, Gəncə, Goranboy, Göygöl, Daşkəsən, Samux və Naftalanda fəaliyyət göstərən din xadimləri də iştirak ediblər.

"Məzhəbçiliyin fövqündə dini dəyərlər: Dinin birləşdirici xüsusiyyətləri" mövzusunda təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun Elm və İnnovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Müsəlov Azərbaycanda əsrlər boyu müxtəlif İslam məzhəblərinin nümayəndələrinin dinc şəraitdə birgə yaşamalarından bəhs edib. Bildirib ki, bütün məzhəblərə bərabərhüquqlu yanaşmanın təmin edilməsi, din xadimlərinin öz aralarında, eyni zamanda ilahiyyatçı alimlər və müvafiq qurumlarla  əməkdaşlığının genişləndirilməsi güclü milli birliyi formalaşdıran mühüm komponentlərdəndir. Vəhdəti qorumağın önəmini vurğulayan dosent bu sahədəki parçalanmaların doğura biləcəyi nifaqın cəmiyyət üçün dağıdıcı təsirlərindən danışıb.

Azərbay­can İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Əhməd Niyazov “Azərbaycanda məzhəblərarası həmrəylik və birgəyaşayışın tarixi təcrübəsi” adlı mühazirəsində ölkəmizdə mövcud olan dini həmrəylik və tolerantlıq mədəniyyəti mövzularına toxunub. Qeyd edib ki, mənəvi dəyərlərin qorunması istiqamətində qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirmək tarixi irsimizdən bu günə daşımalı olduğumuz əsas meyardır. Ə.Niyazov onu da bildirib ki, dini həmrəylik və sosial harmoniya məhz bu dəyərlərin gündəlik həyatımızda tətbiqi ilə  möhkəmlənir.

Qeyd edək ki, layihə çərçivəsində Quba, Qusar, Xaçmaz rayonlarından olan din xadimlərinin  Gəncə şəhərinin müxtəlif tarixi, dini məkanlarını ziyarəti də nəzərdə tutulub.