Martın 15-də Daxili Qoşunların Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində “Milli dövlətçiliyin qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda seminar təşkil olunub.
Hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarı giriş sözü ilə açan hərbi hissə komandirinin müavini Elsevər Fətəliyev hərbi hissələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan ictimai-siyasi sabitliyinə görə nümunəvi və müxtəlif xalqların, dinlərin nümayəndələrinin mehriban yaşadığı nadir ölkələrdəndir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov milli-mənəvi dəyərlərin hər bir cəmiyyət üçün birləşdirici amil olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, öz milli-mənəvi dəyərlərinə sahib çıxmayan, qorumayan və gələcək nəsillərə aşılamayan cəmiyyətlər, ölkələr tarix boyu böyük problemlərlə üz-üzə qalıb, bir çoxu tənəzzül edib. Tolerantlığın, multikulturalizmin, milli-dini vəhdətin Azərbaycan modelindən bəhs edən natiq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirildiyini vurğulayıb. Bunun ən böyük sübutu 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dinindən və millətindən asılı olmayaraq hər bir azərbaycanlının yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı işğaldan azad etməsi oldu. Vətən müharibəsinin davam etdiyi dövrdə həm Ermənistan, həm də onun havadarları Azərbaycanda milli və dini zəmində ayrı-seçkilik salmağa, vəhdətimizi pozmağa cəhdlər etdilər və bu gün də etməkdədirlər. İndiyədək bu mənfur istəklərinə nail olmayıblar və gələcəkdə də nail ola bilməmələri üçün hər birimiz gecə-gündüz Vətənimizin bütövlüyü üçün çalışmalı, milli-mənəvi dəyərlərimizi qorumalı və kimliyindən asılı olmayaraq vəhdətimizi pozmağa çalışanlara zamanında layiqli cavab verməliyik.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Vüqar Səmədov bildirib ki, Azərbaycanda tarixən müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ailənin üzvləri kimi yaşayıb və bu ənənə bu gün də davam edir. Ölkəmizdə dini etiqad azadlığı tam təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Ölkəmizdə mövcud olan tolerantlığa və multikultural dəyərlərə xələl gətirə biləcək amillərə toxunan natiq yad dini təriqətlərin, dini fanatizmin və dini radikalizmin törətdiyi fəsadlardan danışıb. Qeyd edib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin borcudur. Çünki dinimiz də buyurur ki, hər kəs Vətəni uğrunda canından belə keçməyə hazır olmalıdır. Məhz bu baxımdan, şəhidlik ən yüksək zirvə və vətənpərvərlik hissinin təcəssümüdür.