Daşkəsəndə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib
20 may 2022, 09:29

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Daşkəsən RİH-in dəstəyi ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, Daşkəsən RİH-nin məsul işçisi Elmar Əliyev, Daşkəsən “Cümə” məscidi dini icmasının sədri Ənvər Əliyev, gənclər və şagirdlər iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Həsən Məmmədov çıxışında dini radikalizm və yad dini ideologiyalar haqqında geniş məlumat verib. Bildirib ki, mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, respublikamız nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Daha sonra çıxış edənlər milli-mənəvi və dini dəyərlərdən uzaq, müasir dünyagörüşünə malik olmayan gənc nəslin yad ideoloji təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə biləcəyini vurğulayıblar. Qeyd edilib ki, yeniyetmə və gənclər dini radikalizm, eləcə də ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir. Eyni zamanda gəncləri radikal dini düşüncələrdən və ekstremist meyillərdən qorumaq məqsədilə mütəmadi olaraq yerlərdə maarifləndirici tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyətə malik olduğu bildirilib.

Tədbirdə DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilmiş kitablar iştirakçılara təqdim olunub.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.