Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər dini dəyərlərin cəmiyyətin mənəvi inkişafında, insanlar arasında qarşılıqlı hörmətin və anlayışın formalaşmasında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, Azərbaycan tarixən fərqli dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı bir məkandır və bu ənənə bu gün də uğurla davam etdirilir. Vurğulanıb ki, bütün səmavi dinlərin təməlində sülh, mərhəmət və insanpərvərlik dayanır.
Tədbir diskussiya formatında davam etdirilib.