Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.
Təlimdə DQİDK-nın məsul əməkdaşları Samir Yoldaşov, Aslan Sultanov, Ramil Baxşəliyev, Elnur Mehdiyev, Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon icra hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri Rəşad Əliyev, Vasif Zamanov, Kənan Tacızadə, Nəsimi Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, Dağlıq Şirvan regionunun din xadimləri, dini icma sədrləri və dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, qeyd olunan təlimin keçirilməsində əsas məqsəd bu sahədə qanunvericiliyin yeni tələblərinin tətbiqi, dini icmaların vəzifələri və dini qurumların fəaliyyətində maliyyə şəffaflığının təmin edilməsidir. Natiqlər, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolundan da bəhs ediblər. Eyni zamanda dini qurumlar vasitəsilə ianələrin toplanılması zamanı onlardan sui-istifadə halları və sui-istifadənin qarşısının alınması barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.