Dağ yəhudilərinin sinaqoqu
16 may 2018, 01:00

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72

Bakı şəhərində yerləşən, dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməyə başlamışdır. Sovet hakimiyyəti dövründə, II Dünya müharibəsi bitdikdən sonra, dağ yəhudilərinə dini ayinlərini icra etmələri üçün şəhərin mərkəzində qədim və şəraiti son dərəcə zəif olan bir bina ayrılmışdı ki, burada ibadətə gələnlər uzun illər ərzində şəraitsizlikdən əziyyət çəkmişlər. Bu vəziyyət Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxta qədər davam etmiş, yalnız müstəqillik dövründə sinaqoqda təmir-bərpa işlərinə başlanılmış, binanın ikinci mərtəbəsi tikilmiş və ibadət edənlər üçün münasib şərait yaradılmışdır. 2010-cu ildə Bakı şəhərində aparılan geniş yenidənqurma və əsaslı bərpa işləri fonunda dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə bu işə başlanılmışdır. Nəticədə, 5 aprel 2011-ci ildə dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmiş, memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, bütün regionda yəhudi dini məbədləri arasında fərqlənən bu sinaqoqun açılışında rəsmi şəxslər, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də İsrail, Rusiya və digər ölkələrdən gəlmiş qonaqlar iştirak etmişlər.