Çiləbürd monastırı Tərtər rayonu Çiləbürd kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsidir. Kənd 29 dekabr 1992-ci ilə qədər Cerabert adlanırdı. Çiləbürd monastırı Tərtər çayının sağ sahilində, Çiləbürd qalasının 2 kilometr şimal qərbində, Üç körpə monastırının yaxınlığında yerləşir.
Monastır bölgənin ən qədim və məşhur mədəni mərkəzlərindən biri olmuşdur. Kompleksə daxil olan tikililər – kilsə, rahib hücrələri və digər mülki tikililər XVIII əsrdə daha qədim tikililərin yerində inşa olunmuşdur. Kompleks ərazisində yeni tikililərin inşası zamanı daha qədim tikililərin daşlarından, həmçinin ərazidə olan xaçdalar və kitabəli daşlardan istifadə edilmişdir.
Çiləbürd monastırının başkilsəsi birnefli baziliika formasına malikdir. Monastırın iki tərəfli damı qoşa pilyastrlar tərəfindən dəstəklənir. Kilsənin giriş qapısı qərb divarında yerləşir. Cənub divarında iki, şərq və qərb divarlarında isə bir pəncərə yeri var. Hazırda dağılmış vəziyyətdədir.