Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib
25 avqust 2025, 09:30

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində mütəmadi olaraq seminar-treninqlər təşkil olunur. Avqustun 20-də növbəti maarifləndirmə tədbirləri 6 və 16 saylı cəzaçəkmə müəssisələrində “Multikultural cəmiyyətdə ifrat məzhəbçiliyin yaratdığı problemlər” mövzusunda təşkil edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin baş məsləhətçisi Ülvi Məmmədov, “İmam Əli” məscidinin imamı Fuad Pənahlı, Pentensiar Xidmətin məsul əməkdaşları, eləcə də cəzaçəkmə müəssisələrinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan uzun illərdir multikultural və tolerant cəmiyyət modelini qoruyub saxlayır və dövlət dini dözümlülüyün təmin olunmasına, müxtəlif dinlərin və məzhəblərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xüsusi önəm verir. O da qiqqətə çatdırılıb ki, ifrat məzhəbçilik yalnız dini deyil, eyni zamanda sosial və ictimai təhlükələr doğurur. Bu cür meyillərlə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi, düzgün dini biliklərin təbliği və sağlam dini dəyərlərin aşılanması əsas vasitələrdəndir.
Cəzaçəkmə müəssisələrində məhkumların maarifləndirilməsi və radikalizmdən uzaq tutulması məqsədilə bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyi bildirilib.
Sonda məhkumların sualları cavablandırılıb.