İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında cari il üzrə imzalanmış Birgə Tədbirlər Planına uyğun olaraq “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirici tədbirlər təşkil edilib.
Tədbirlər 7 və 16 saylı cəzaçəkmə müəssisələrində “Dini-mənəvi dəyərlər kontekstində ictimai məsuliyyət” mövzusunda keçirilib. Görüşlərdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Yeni Günəşli “Xanım Fatimeyi-Zəhra” məscidinin imam müavini Fərid Qasımzadə, eləcə də Penitensiar Xidmətin əməkdaşları iştirak ediblər.
Çıxışlarda dini-mənəvi dəyərlərin cəmiyyətdə rolundan, ictimai məsuliyyətin formalaşmasında mənəvi tərbiyənin əhəmiyyətindən danışılıb. Həmçinin insan hüquqlarının qorunması və bu istiqamətdə maarifləndirici işlərin vacibliyindən bəhs olunub. Qeyd edilib ki, bu cür tədbirlər məhkumların sosial adaptasiyasına və cəmiyyətə daha sağlam inteqrasiyasına mühüm töhfələr verir.