Martın 12-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Tədbirlər Planına əsasən məhkumların dini maarifləndirilməsi məqsədilə 6 və 15 saylı cəzaçəkmə müəssisələrində “Ramazan – birlik, həmrəylik və qardaşlıq ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Penitensiar Xidmətin əməkdaşları, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Rəşadət Hidayətov və Xanım Fatimeyi-Zəhra məscidinin imam müavini Fərid Qasımzadə iştirak ediblər.
Çıxışlarda orucun insanın mənəvi kamilləşməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, bu ibadət insanın daxili aləmini saflaşdırır, iradəsini möhkəmləndirir və cəmiyyətin mənəvi sağlamlığının güclənməsinə xidmət edir.O da diqqətə çatdırılıb ki, Ramazan ayının orucu insanlarda yardımlaşma, xeyirxahlıq və sosial məsuliyyət hisslərini daha da gücləndirir.