Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri keçirilib
02 mart 2026, 14:51

Fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Tədbirlər Planına əsasən məhkumların dini maarifləndirilməsi məqsədilə 10 və 11 saylı cəzaçəkmə müəssisələrində “Orucun əhəmiyyəti: mənəvi təmizlik və səbir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Penitensiar Xidmətin əməkdaşları ədliyyə kapitanı Bəhlul Nuriyev və ədliyyə leytenantı Əlibəy Tağıbəyli, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Nuru İmanov, Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidinin imam müavini Cəfər Cəfərov və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər orucun insanın mənəvi kamilləşməsində rolunu vurğulayaraq, onun insanın daxili aləmini saflaşdıran, iradəsini möhkəmləndirən və cəmiyyətin mənəvi sağlamlığına yönələn ibadət olduğunu qeyd ediblər. Mövzu ilə bağlı bildirilib ki, orucun əsas məqsədi insanı təqvaya, səbir və mənəvi saflığa çatdırmaqdır. Ramazan ayının orucu insanlarda yardımlaşma, xeyirxahlıq və sosial məsuliyyət hissini artırır. Oruc insanı nəfsani istəklərdən çəkindirərək, onda səbir və şükür duyğularını gücləndirir.