Çərəktar monastırı (XIII əsr), Çərəktar kəndi
25 aprel 2021, 07:24

Xaçın knyazlığının məşhur monastırlarından olmuş Çərəktar monastırı Tərtər çayının sol sahilində, Qarabağın Yuxarı Xaçın yaxınlığında yüksək dağlıq ərazidə Çərəktar kəndində yerləşir. Çərəktar kəndi 1992-ci ildə Ağdərə rayonunun ləğv edilməsindən sonra Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Çərəktar kəndi 1993-cü ildə Ermənistan Respublikası siıahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Çərəktar monastırı Həsən Cəlal kilsəsi olaraq da tanınır. Tikinti yazısına əsasən abidə XI–XII əsrlərə aiddir. Monastırın baş kilsəsi 1260-cı ildə inşa edilib. Hazırda tamamilə dağılmış monastır kompleksi ərazisində vaxtilə xaçdaşlar, başdaşları və epiqrafik yazı nümunləri movcud olmuşdur. Monastırda olan çoxlu sayda qəbir daşları və xaçdaşlar nəbati və həndəsi ornamentli naxışlarla zəngindir. Monastır ərazisində ümumilikdə XII-XIV əsrlərə aid 11 kitabə mətni oxunmuşdur. Həmin kitabələrin ən qədimləri 1152, 1206, 1347, 1360-cı illərə aiddir. Kitabə mətnlərində kilsənin inşa dövrü və müxtəlif dövrlərdə burada aparılan bərpa işləri haqda məlumat verilmişdir.

Kilsə düzbucaqlı kiçik bir bazilikadan və şərq hissəsində düzbucaqlı altardan ibarətdir. İnşa kitabələrinə görə, onlar XI-XII əsrlərdə tikilmişdir. Kilsənin qərb hissəsindəki girişin yalnız xarabalıqları qalmışdır. Kilsənin cənub hissəsindəki yarımdairəvi bürc qüllələrin qalıqları, narteksin də müdafiə divarının bir hissəsi olduğunu göstərir.

Kilsənin şimal divarı, eyni zamanda şərq və qərb divarlarının təməlləri qorunub. Xaçdaşlar və məzar daşları gözəl işlənmiş bitki və həndəsi ornamentlərlə zəngin olmuşdur. Xüsusilə buradakı Zar şahzadəsinin məzar daşı zəngin ornamentlərə malik olmuşdur. Monastır kompleksi dövrümüzə dağılmış vəziyyətdə gəlib çatsa da, əsas kilsə müəyyən qədər salamat qalmışdır. Monastır tikililərindən yalnız əsas kilsə binası, narteks, yeməkxana və zəng qülləsinin bir hissəsi yaxşı qalmışdır. Monastırın dövrümüzə gəlib çatmış tikililərinin memarlıq qalıqlarının xüsusiyyətləri və epiqrafik nümunələrin tədqiqi kilsə ətrafındakı tikililərin müxtəlif dövrlərə aid olduğunu göstərir. Onların inşasında istifadə edilmiş yonulmuş daşlar və zəngin ornamentli xaçdaşlar ətraf ərazilərə daşınaraq yaşayış binalarının inşasında istifadə edilmişdir. Monastırın başkilsəsi kiçik ölçülü düzbucaqlı plana malik bazilikadır. Belə ki, Ərəb istilası dövründə Qafqaz Albaiyasında dövlətçiliyin və xristian dininin dövlət dini statusunun itirilməsi, rəsmi ideologiyadan məhrum edilmə, ibadətçilərin qəfil azalması və sonradan alban əhalinin tədricən deetnizasiyası Qafqaz Albaniyası dini memarlığının dəyişməsinə, Ərəb istilasından əvvəlki dövrə aid birnefli bazilikalarla müqayisədə onların ölçülərinin kiçilməsinə gətirib çıxarmışdı. Bu baxımdan Çərəktar monastırındakı kilsə də kiçik ölçülü (7x3 metr) düzbucaqlı plana malik bazilika idi. İki tərəfli damla örtülmüş monastırın başkilsəsinin şərq tərəfində yalnız Qafqaz Albaniyası memarlığı üçün xarakterik olan düzbucaqlı formaya malik altar vardır. Digər tərəfdən də X əsrdən etibarən Ərəb xilafətinin zəiflədiyi erkən orta əsr kilsələrinin bərpası və genişləndirilməsi prosesinin geniş vüsət aldığı dövrdə kiçik zal kilsələrinin həcminin böyüdülməsi məqsədilə onlara yan otaqlar əlavə edilməyə başlamışdı.

Çərəktar kilsəsinin qərb tərəfində, görünür, bu məqsədlə kilsə binasına narteks, və başqa tikililər əlavə edilmişdi. Lakin narteksin yalnız bir hissəsi dövrümüzə salamat gəlib çatmışdır. Onun cənub hissəsinin künc tərəfində olan yarımdairəvi qüllələr, narteksin həm də müdafiə sisteminə daxil olduğunu göstərir. Cənub tərəfdən kilsəyə yeməkxana binası birləşir. Yeməkxananın şimal divarı bütünlüklə, şərq və qərb divarlarının isə bir hissəsi saxlanmışdı. Lakin hazırda monastır kompleksi tamamilə dağıdılmışdır. Alban xristian memarlığının bir nümunəsi olan bu monastır bu gün xaraba halında qalmaqdadır. Monastırın qalıqları yerləşdiyi təpənin ətrafına səpələnmiş, xaçdaşları və qədim qəbir daşları da məhv edilmişdir.