Cəlilabadda “İslam Həmrəyliyinin Azərbaycan zəfəri” mövzusunda maarifləndirmə tədbiri keçirilib
24 avqust 2017, 09:42
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Cəlilabad rayonu Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icması tərəfindən avqustun 24-də “İslam həmrəyliyi radikalizmə qarşı mübarizədə vasitə kimi” layihəsi çərçivəsində “İslam Həmrəyliyinin Azərbaycan zəfəri”mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov, Zərbiəlli bələdiyyəsinin sədri Məhəmməd Bəşirov, Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rəfail Bəşirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov çıxışında qeyd edib ki, İslam dini həmişə sülhə, qardaşlığa və insanların birgəyaşayışına önəm verib. Prezident cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi onun İslam ənənələrinə verdiyi dəyərdən irəli gəlir. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə islami dəyərlərə həmişə hörmətlə yanaşıb, ölkəmizin beynəlxalq arenada çoxmillətli və çoxkonfessiyalı diyar kimi tanınmasına çalışıb.
Zərbiəlli kənd bələdiyyəsinin sədri Məhəmməd Bəşirov çıxışında bildirib ki, Azərbaycan tarix boyu dövlətçiliyini və  birgəyaşayışını sülh prinsipləri üzərində qurub. Ölkəmiz hazırda  İslam  ölkələri arasında dini  dəyərlərinə sahib çıxan və onu daha da inkişaf etdirən, İslamın sülhpərvər missiyasını təbliğ edən nümunəvi dövlətdir.
Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rəfail Bəşirov, kənd ağsaqqalı Əbülfət Abdullayev və başqaları çıxışlarında əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsini dövlət siyasətinin əsas istiqamətləri kimi dəyərləndiriblər.
Sonda iştirakçılara DQİDK-nın nəşri olan dini ədəbiyyat və digər çap məhsulları paylanılıb.