Bu gün Azərbaycan dünyada həm də tolerantlıq örnəyi kimi tanınır
16 noyabr 2021, 09:02

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və Saatlı,  Sabirabad,  İmişli,   Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri,  din xadimlərinin  iştirakı ilə  16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə  həsr olunmuş  onlayn  təbdir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  əməkdaşları Elvin İbrahimov,  Bəhrəm Ədalətoğlu,  Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, həmçinin  Sabirabad,  Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  əməkdaşı   Elvin İbrahimov  çıxış edərək qeyd edib  ki, hər il ölkəmizdə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. O, Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğunu bildirib. Dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında məlumat verən  şöbənin  əməkdaşı  əlavə edib ki, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinə çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  

Daha sonra tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda müxtəlif dinlərə məxsus dini ibadət yerləri  sərbəst  fəaliyyət göstərir. Müsəlman və qeyri-müsəlman dini icmaların fəaliyyətinə dövlət dəstəyinin verilməsi  tolerantlığın inkişafına böyük töhfə verir.  Azərbaycan dövlətinin  bütün dinlərə və məzhəblərə  dözümlü yanaşması,  bu sahədə fəal siyasət aparması  beynəlxalq aləmdə yüksək qiymətləndirilir.