Göyçay şəhər "Mərkəz" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Zəfər günü: milli və mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK -nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov və şöbənin əməkdaşları, din xadimləri, dini icma sədrləri iştirak ediblər.
Ağsu şəhəri Mərkəzi Kitabxanasında “Zəfər Günü: milli və mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi və Ağsu rayon Mədəniyyət Mərkəzinin birgə təşkil etdikləri tədbirdə DQİDK-nın nümayəndəsi Tural Vahidov, Ağsu rayon Mədəniyyət Mərkəzinin rəhbəri Elçin Novruzov, Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məhəmmədhüseyin və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Vətən müharibəsi qaziləri, müəllim və tələbələrin iştirakı ilə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, qazilər, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxanasında da tədbirlər keçirilib.
"Zəfərə aparan yol: mili və dini həmrəylik" mövzusunda tədbir isə noyabrın 3-də DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Kürdəmir şəhər "İmam Rza" məscidində baş tutub. DQİDK-nın bölgə üzrə şöbə müdiri və əməkdaşlarının, həmçinin dini icma sədrləri, din xadimlərinin iştirak etdikləri tədbir çərçivəsində əvvəlcə Şəhidlər Xiyabanı ziyarət edilib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və şöbənin əməkdaşları, eləcə də din xadimləri, dini icma sədrlərinin iştirakı ilə “Zəfər günü” çərçivəsində Şəhidlər xiyabanı və Zəfər parkı ziyarət edilib. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb, ruhlarına dualar oxunub.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, RİH-in nümayəndəsi Aynur Omarova, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, Balakən rayonunun Katex kənd 3 saylı tam orta məktəbinin direktoru Məhəmməd Musayev, müəllimlər və yuxarı sinif şagirdlərinin iştirakı ilə Zəfər Günü və Bayraq Günü ilə əlaqədar tədbir keçirilib.
Daha bir tədbir Ucarda baş tutub. Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov , eləcə də Vətən müharibəsi qaziləri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Heydər Əliyev mərkəzinin direktoru Telman Ağayev, rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin rəhbəri Həqiqət Rzayeva, Sabirabad regional Mədəniyyət İdarəsinin nümayəndəsi İlkin Zeynalov, kitabxananın əməkdaşları və mədəniyyət işçilərinin iştirakı ilə Saatlı rayonunda da tədbir keçirilib.
Şəkidə keçirilən tədbirdə isə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, şöbənin əməkdaşları və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən danışılıb. Xalqımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək öz haqq savaşını zəfərlə başa vurduğu, Vətən müharibəsi zamanı milli və dini həmrəylik nümayiş etdirdiyi vurğulanıb.