Bölgələrdə Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş tədbirlər keçirilir
23 fevral 2022, 07:50

Bölgələrdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Fevralın 23-də Qubada “Xocalı soyqırımı:dini müstəvidə baxış” mövzusunda keçirilən anım tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, Quba rayonunda fəaliyyət göstərən dini icma rəhbərləri, üzvləri, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.

Zaqatala İslam Kollecində “Xocalı fəryadı” mövzusunda keçirilən tədbirdə isə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, Zaqatala İslam Kollecinin  təlim-tərbiyə işləri üzrə direktor müavini Səfa Muradov, kollecin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı amansızlığına, qəddarlığına, vəhşiliyinə görə bəşər tarixinə  və xalqımızın yaddaşına qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş  olan Xocalı qətliamı haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Etnik azərbaycanlılara qarşı törədilmiş bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70-i qoca və qarı olmaqla 613 nəfərin qətlə yetirildiyi qeyd edilib. Xocalı faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra hüquqi-siyasi qiymətin verildiyi bildirilib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üçün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun xalqımıza qazandırdığı tarixi Zəfərin 30 il bundan əvvəl baş vermiş faciənin qisası və layiqli cavabı olduğu vurğulanıb.