Bölgələrdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib
04 noyabr 2022, 02:41

Həftə ərzində bölgələrdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib.

Noyabrın 1-də Göygöl rayonunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Kəmalə İbrahimova, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov,  idarə və müəssisələrin nümayəndələri, müəllimlər və şagirdlər, Goranboyda baş tutan tədbirdə isə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Ombudsmanın nümayəndəsi Səbuhi Abbasov, Goranboy RİH-in məsul əməkdaşı Nicat Məmmədov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, Ombdusmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, müəllim və uşaqların iştirakı ilə Gəncə şəhər uşaq evində, şəhər Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbində, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, RİH-in məsul əməkdaşları, müəllim və şagirdlərin iştirakıyla isə Balakən şəhəri Nəsimi adına 2 saylı tam orta məktəbində də tədbirlər keçirilib. ​

Noyabrın 5-də Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbində DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti , Polis şöbəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə "Uşaqları zərərli vərdişlərdən qoruyaq" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK -nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, PŞ-nin rəisi plos-polkovniki Valik Vəlimətov, RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar şöbəsinin sektor müdiri Rahib Burcəliyev, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, dövlətin qayğısı ilə əhatələnmiş uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin ardıcıl həlli dövlətin daim diqqət mərkəzindədir. Belə ki, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür.