Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalan şəhər uşaq musiqi məktəbində Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Naftalan ŞİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva, məktəbin direktoru Almaz Əliyeva və müəllim kollektivi iştirak ediblər.
Mayın 4-də bu qəbildən növbəti tədbir “Ümummilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” mövzusunda İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutub. DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən öncə kitab və rəsm sərgilərinə baxış keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşı Samir Zülfiyev, eləcə də təşkilatçı qurumların digər əməkdaşları, din xadimləri və gənclər iştirak ediblər.
Bu istiqamətdə növbəti tədbir mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsi, Kürdəmir rayonu İcra Hakimiyyəti (RİH) və Mərkəzləşdirilmiiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə "Heydər Əliyev-milli sərvətimizdir" mövzusunda baş tutub. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-nin əməkdaşı Daşqın Rüstəmov, kitabxana əməkdaşları iştirak ediblər.
“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir isə mayın 5-də DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyinin və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbə əməkdaşı Elvin İbrahimov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Gəncə bölgəsindəki ziyarətgah və məscidlərdə cümə namazı zamanı Ümummilli Lideri Heydər Əliyevin ruhuna dualar oxunub, xütbələr edilib.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Aşağı Tala kəndi 5 №-li tam orta məktəbdə “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Aydın Camalov, Zaqatala rayonu Aşağı Tala kəndi 5 №-li tam orta məktəbin direktoru Mirvari Qurbanova, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasında, çoxəsrlik adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən bəhs olunub. Eyni zamanda Heydər Əliyev siyasi kursunun bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, dövrün və zamanın tələbinə uyğun, uğurla davam etdirildiyi vurğulanıb.