Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib
13 noyabr 2026, 09:43

Noyabrın 12-də Qax rayonu Tasmalı kəndi tam orta məktəbində “Şəhərsalma və Memarlıq İli" ilə bağlı “Azərbaycanda dini memarlıq abidələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Aytən Murquzova, rayon Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Noyabrın 12-də Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə “Narkotik və psixotrop maddələrin insan orqanizminə və mənəviyyatına vurduğu zərərlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri Elnur Ağasiyev, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Fəzail Əliyev, Qusar şəhəri “Mustafa Kazdal” məscidinin imamı Fəryadin Rəhimxanov, eləcə də hərbi qulluqçular iştirak ediblər.
Noyabrın 12-də Gəncə şəhərindəki Dövlət Aqrar Kollecində “Beynəlxalq Tolerantlıq Günü: gələcək nəsil və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Şahmar Verdiyev, Kamal Ələkbərov, kollecin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanda mövcud olan dini memarlıq abidələrinin tarixi, milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə çatdırılmasında əhəmiyyəti, multikulturalizm siyasəti və cəmiyyətdə dini və milli müxtəlifliyə hörmətin vacibliyi barədə ətraflı məlumat verilib. Həmçinin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının, sağlam həyat tərzinin təbliğinin, dini maarifləndirmənin və cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük və həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.