Bölgələrdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib
12 iyun 2026, 17:54

15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 11-də Qubada və Sabirabadda, iyunun 12-də isə Gəncədə və Tovuzda “15 İyun – Milli Qurtuluş Günü: dövlətçilik tariximizin şanlı səhifəsi” mövzusunda tədbirlər təşkil olunub.

Qubada keçirilən tədbir Quba Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Qəçrəş kənd tam orta məktəbində baş tutub. Toplantıda Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Ombudsmanın Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbinin direktoru Həbib Hacıyev, eləcə də məktəbin müəllim və şagird heyəti iştirak edib.

Həmin gün DQİDK-nın Mil-Muğan regional bölməsi və Sabirabad rayon Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluş Günü: dövlətçilik tariximizin şanlı səhifəsi” mövzusunda tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin aparıcı məsləhətçisi Cəfərsadiq Cəfərli, Sabirabad rayon Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Rəşad Qurbanov, Sabirabad şəhər “Heydər” məscidinin imam müavini Yusif Bağırov, Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları və gənclər iştirak ediblər.

İyunun 12-də Gəncə şəhərində təşkil olunan analoji tədbir DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsi və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə regional bölmənin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həmin gün Tovuz Dövlət Peşə Təhsil Mərkəzində DQİDK-nın Qazax-Tovuz regional bölməsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin və YAP Tovuz rayon təşkilatının təşkilatçılığı ilə “Qurtuluş Günü: milli birlik və dövlətçilik iradəsinin bərpası” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Dövlət Komitəsinin əməkdaşları, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Yaşar Orucov, Tovuz Peşə Liseyinin direktor müavini Fariz Bayramov, müəllim və gənclər iştirak ediblər.

İyunun 12-də Bərdə şəhər “Cümə” məscidində DQİDK-nın Qarabağ regional bölməsi və Bərdə şəhəri “İmamzadə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Qurtuluş günü: Milli birlik və dövlətçilik iradəsinin bərpası” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, Bərdə şəhəri “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov və din xadimləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə Ümmummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqını vahid bir ideologiya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirib. Bu tarixi qayıdış cəmiyyətdə milli birliyin formalaşmasına və dövlətçiliyin qorunmasına mühüm töhfə verib.