İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının birgə təşkilatçılığı ilə Gəncə şəhəri “İmamzadə” dini kompleksində Məhərrəm ayı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbə əməkdaşları, QMİ-nin Qazılar Şurasının üzvü Tahir Abbasov, Anar Orucov, eləcə də, bölgə üzrə rəsmi din xadimləri və icma sədrləri iştirak edib.
Çıxışlar zamanı Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimlərin rəsmi din xadimləri tərəfindən icra edilməsinin vacibliyi, eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına əməl edilməsinin önəmi diqqətə çatdırılıb. Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciətinə diqqət çəkilərək, mərasimlər zamanı Kərbəla şəhidləri ilə yanaşı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş əziz şəhidlərimizin ruhuna dualar oxunmasının mənəvi borc olduğu qeyd olunub.
***
İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazılığının birgə təşkilatçılığı ilə Ağdaş şəhəri “Hacı İsmayıl” məscidində “Məhərrəmlik ayında dini mərasim, ayin və tədbirlərin təşkili və keçirilməsi” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Asif Ədilov və Samir Mədətov, DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Ağdaş RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, QMİ-nin bölgə üzrə qazısı Əli Məmmmədov, Ağdaş, Ucar, Mingəçevir, Yevlax və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimləri də iştirak ediblər.
Əvvəlcə tədbirin əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, Məhərrəmlik ayı ilə bağlı keçiriləcək tədbirlərdə, müvafiq qanunvericiliyin tələblərinə riayət edilməli, tolerantlıq ənənələrinə, insanların birgəyaşayış mühitinə xələl gətirilməməlidir. “Aşura günü ilə əlaqədar keçiriləcək mərasimlər zamanı Vətən müharibəsi, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilməlidir”-deyə vurğulanıb. Tədbirdə QMİ Qazılar Şurasının müraciəti də din xadimlərinin diqqətinə çatdırılıb.
***
İyulun 19-da Salyan şəhər Hacı Tağı məscidində Məhərrəm ayı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Salyan, Nefçala, Biləsuvar, Hacıqabul rayonu və Şirvan şəhərində fəaliyyət gösdərən din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə əlaqədar bəyanatı oxunub. Çıxışlarda dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi vurğulanıb. Məhərrəm ayı ilə əlaqədar tədbirlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda dini icma sədrlərinə və din xadimlərinə müvafiq tövsiyələr verilib.
***
İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ucar, Göyçay və Kürdəmir rayonlarında Məhərrəm ayının başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirdə DQİDK -nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbirdə Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Həmçinin Məhərrəmliklə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılər Şurasının fətvası oxunub.
***