Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
09 iyun 2023, 06:37

İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, muzeyin əməkdaşları və Lənkəran Peşə Liseyinin tələbələri iştirak ediblər.

İyunun 8-də Komitənin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Naftalanda “Erkən nikah, zərərli vərdişlər, dini radikalizm və onların fəsadları” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ülfət Əliyev, Ağsaqqallar Şurası, Naftalan Polis Şöbəsi və digər qurumların məsul şəxsləri, tibb işçiləri, müəllimlər və məktəblilər qatılıblar.

Həmin tarixdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti (RİH), Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyasının (Komissiya) birgə təşkilatçılığı  ilə “Narkotik vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın əməkdaşı Elvin İbrahimov, Saatlı RİH-in nümayəndəsi Azər Həsənov, Komissiyanın üzvləri, rayonun təhsil, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şöbə tərəfindən İmişli RİH ilə birgə 26 iyun Birləşmiş Millətlər Təşkilatının “Narkotiklərlə mübarizə günü” mövzusunda İmişlidə təşkil edilən tədbirə isə şöbənin əməkdaşları Bəhrəm Ədalət oğlu, Elvin İbrahimov, İmişli RİH başçısı Aparatının birinci müavini Mirzə Quliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev və gənclər qatılıblar.

Bu qəbildən növbəti tədbir Sabirabad Rayon İcra Hakimiyyəti ilə birgə Sabirabad rayonunda keçirilib. DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov, Komissiyanın nümayəndəsi Vasif  Quliyev, məktəb direktorları, müəllimlər və gənclər iştirak ediblər. 

Keçirilən tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilib. Eyni zamanda zərərli vərdişlərin insanların sağlamlığına mənfi təsirindən, radikal düşüncələrin dini dəyərlərimizə vurduğu ziyandan geniş bəhs edilib. Ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırılaraq, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyətin düşdüyü vurğulanıb.

Tədbirlər müzakirələrlə yekunlaşıb.