İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Qloballaşma dövründə xalqımızın mədəni və mənəvi dəyərlərinin qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəliyinin əməkdaşı Rafiq Məmmədov, Yevlax şəhəri Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev müxtəlif xalqların həyat tərzinin formalaşması, tarix səhnəsində özünəməxsus yer tutmasının onun milli-mənəvi dəyərləri ilə sıx bağlı olduğunu, öz soykökünə, adət və ənənələrinə sadiq qalmayan xalqların isə tarix səhnəsindən silinməsinin sirr olmadığını vurğulayıb. Şöbə müdiri ölkəmizdə milli-mənəvi irsin qorunub yaşadılması, maddi mədəniyyət abidələrinin bərpa və inşa edilməsi, dini-əxlaqi dəyərlərimizin mühafizə olunması kimi tədbirlərin dövlət siyasəti səviyyəsinə yüksəldilməsinin təməlinin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.
Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Rafiq Məmmədov milli-mənəvi dəyərlərimizin gənclər arasında düzgün təbliğ olunması istiqamətində hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət və ağır yük düşdüyünü bildirərək, milli-mənəvi və dini dəyərlərimizi olduğu kimi təbliğ etmək və bu sahədə maarifləndirmənin məqsədli aparılmasının olduqca əhəmiyyətliliyindən söz açıb.
Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova xalqın milli-mənəvi və dini dəyərlərinin qorunmasında, dini ibadət ocaqlarının təmir və inşasında, o cümlədən Azərbaycan Respublikasında irqindən, milliyyətindən və dinindən aslı olmayaraq hər kəsin dini etiqad azadlığının təmin olunmasında Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin əvəzsiz xidmətlərinin danılmaz olduğunu qeyd edib.
Dövlət Komitəsinin əməkdaşı Fərid Vaqifli ən böyük milli dəyərlərimizdən başlıcasının müstəqilliyimiz olduğunu bildirərək, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı, Azərbaycançılıq ideologiyasının təbliğ olunması sahəsində hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Yevlax şəhəri 4 saylı tam orta məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Sərdar Məmmədov öz çıxışında DQİDK-nın keçirdiyi silsilə maarifləndirici tədbirlərə görə öz minnətdarlığını bildirərək mövzu ətrafında çıxış edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
***
İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin əməkdaşı Rauf Salmanov gənclərin milli-mənəvi dəyərlərə, yüksək mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. Ölkəmizdə keçirilən bu cür maarifləndirici tədbirlərin gənclərin formalaşmasında mühüm rolu olduğunu bildirib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.
Daha sonra çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyü vurğulanıb. Ölkəmizdə dövlətin gənclərə yüksək diqqət və qayğısından, mənəvi dəyərlərimizin təbliği sahəsində mühüm tədbirlərin görülməsindən bəhs edilərək, Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin bu sahədəki xidmətləri diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.