Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgələrdə dini maarifləndirmə və sağlam dini mühitin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.
İyulun 15-də DQİDK-nın Qazax-Tovuz regional bölməsi və Gədəbəy şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Gədəbəy şəhər “Cümə” məscidində “Radikalizm və ekstremizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin əməkdaşı Cavid Səfərov, Gədəbəy şəhər “Cümə” məscidinin sədri və imamı Rövşən Mustafayev, dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda dini icmaların cəmiyyətdə sülh, tolerantlıq və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsində, eləcə də sağlam dini maarifləndirmə yolu ilə radikalizm və ekstremizmin qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, dini icmalar milli-mənəvi dəyərlərin təbliği və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm missiya daşıyırlar. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İyulun 17-də isə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin təşkilatçılığı ilə Şəmkir Rayon Gənclər Evində “Fərqlilikdə birlik: multikultural cəmiyyətin üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, din xadimləri və dini icmaların sədrləri iştirak ediblər.
Çıxışlarda Azərbaycanın tarixən formalaşmış multikultural dəyərlərindən, müxtəlif din və mədəniyyət nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində birgəyaşayış ənənələrindən bəhs olunub. Qeyd edilib ki, multikultural dəyərlərin qorunması cəmiyyətdə tolerantlığın, həmrəyliyin və sosial birliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.