Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
28 aprel 2023, 07:33

Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.

Aprelin 28-də Ucar rayonu Pirkənd kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığl ilə "Erkən nikah və qohumlararası nikahın mənfi nəticələri" mövzusunda baş tutan tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, təşkilatçı qurumların nümayəndələri və şagirdlər iştirak ediblər.

DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsi, Salyan RİH, rayon Heydər Əliyev Mərkəzi və Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda daha bir tədbir Salyan rayonunda keçirilib. Qeyd olunan tədbirə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Zamin Əsədov, müvafiq qurumların nümayəndələri, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanda uşaqların, o cümlədən qızların təhsil alması üçün hər cür şərait yaradılıb.O da  vurğulanıb ki, bir qadının savadlı olması bir ailənin savadlı olması deməkdir. Bu istiqamətdə də bir sıra maarifləndirici tədbirlərin keçirilməsi labüddür və din xadimləri də bu işdə öz fəallığı ilə seçilməlidir. Eyni zamanda erkən nikah və onun fəsadları barədə də məlumat verilib. Cəmiyyətimizdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.