Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
30 mart 2023, 02:13

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Ucar Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Dini abidələrimizə qarşı erməni vandalizmi" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, gənclər və orta məktəb müəllimləri iştirak ediblər.
Daha bir maarifləndirmə tədbiri Mingəçevir şəhərində baş tutub. DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda baş tutan tədbirə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev,  eləcə də universitetin müəllimləri, tələbələri və ictimaiyyət nümayəndələri qatılıblar.
Növbəti tədbir Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində
 “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda keçirilib. Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Şahbazov, İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Saatlı şəhər 2 saylı tam orta məktəbində "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda, Saatlı Peşə liseyində isə “Gələcəyə sağlam gənclərlə”  mövzusunda  maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov,  rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları Anar Səfərxanlı, Nurəddin Muradlı, müəllimlər və  şagirdlər iştirak ediblər.

Daha bir tədbir Şəkidə keçirilib. Şəhər Tibb Kollecində “Narkomaniya və onun törətdiyi fəsadlar” mövzusunda baş tutan tədbirə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Calalzadə,  kollecin müəllim və tələbələri qatılıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsi, Qazax Rayon İcra Hakimiyyəti və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Qızların təhsil almasının önəmi" mövzusunda keçirilən tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Eşqin Allahverənov, Gənclər Evinin direktoru Vüsal Hüseynov, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri Ceyhun Rüstəmov, Kəmalə Cəfərova iştirak ediblər.

Çıxışlarda mövzuların aktullığından bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə DQİDK-nın fəaliyyəti xüsusilə qeyd edilib.