Bölgələrdə maarifləndirici tədbirlər keçirilib
12 noyabr 2025, 18:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) regional bölmələrinin və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə müxtəlif bölgələrdə gənclərin maarifləndirilməsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Qazax rayonu:

Oktyabrın 29-da Qazax rayonunun Aslanbəyli kənd tam orta məktəbində “Əxlaqi dəyərlər gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri – Ceyhun Rüstəmov və Kəmalə Cəfərova, eləcə də müəllim və şagirdlər iştirak ediblər.

Bərdə rayonu:

Oktyabrın 30-da Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, rayon Gənclər və İdman Sektorunun müdiri Aydın Qasımov, müəllimlər və tələbələr qatılıblar.

Naftalan şəhəri:

Oktyabrın 31-də Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Gənclər və dini dəyərlər: maarifləndirmə, kimlik və sosial məsuliyyət” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin aparıcı məsləhətçisi Kamal Ələkbərov, Gənclər və İdman Sektorunun müdiri Tural Hümbətov, eləcə də məktəblilər iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğ edilməsinin zəruriliyindən danışılıb. Bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin zərurliyi diqqətə çatdırılıb.